"Məqsədimiz ikinci dövrəyə daha yaxşı hazırlaşmaq idi. Çünki ilk dövrə bizim üçün o qədər də uğurlu keçməmişdi". Bu sözləri Sport24.az saytına açıqlamasında "Neftçi"nin futbolçusu Azər Salahlı deyib.

Müdafiəçi Misli Premyer Liqasının 19-cu turunda evdə"Sabah"la keçirilən oyundan söz açıb: "İlk oyunumuz idi. Düşünürəm ki, pis alınmadı. Qələbə qazansaq, daha yaxşı olardı. Əlimizdən gələni etdik. Hücumlarımız oldu. Bəzi məqamlarda şanssızlıq yaşandı. Məsələn, buraxdığımız top. Deyərdim ki, bərabər səviyyəli oyun getdi. Hər iki komanda qələbə qazana bilərdi. Qarşıda oyunlarımız var. Onlara köklənib, qələbə qazansaq yaxşı olar. "Araz Naxçıvan"la oyunda da məqsədimiz qələbə qazanmaqdı".

Salahlı bir neçə gündür müzakirə mövzusu olan legioner limiti ilə bağlı da fikirlərini bildirib: "Legioner limitinin necə olmasından asılı olmayaraq, Azərbaycan futboluna xeyri dəyəcəksə, məncə verilən qərarlar doğru olacaq. Mənim üçün fərqi yoxdur, 11 legioner də olsa rəqabət aparıb, oynamağa çalışacağam. 17-18 legioner olsa da, mən rəqabət apararam. Gənc futbolçulara çox çalışmağı məsləhət görürəm. Çalışsalar, bəhrəsini görəcəklər. Legioner limiti olsa da, olmasa da öz üzərlərində çalışmalıdırlar".