Misli Premyer Liqasının XV turunun "Şamaxı" - "Kəpəz" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Rəqibin döyüşkən komanda olduğunu bilirdik. Maraqlı oyun alındı. Bəzi itkilərimiz var idi və heyətdən maksimum istifadə etməyə çalışdıq. Uşaqlara demişdim ki, rəqibdən çəkinmək lazım deyil. Uşaqlar döyüşdülər və qələbə qazandılar.

 

- Bu qələbə psixoloji duruma necə təsir edəcək?

- Artıq 7-ci oyundur, meydanda mübarizə aparan komanda görürük. Motivasiya baxımından problemimiz yoxdur. Daha yaxşı etməliyik. Üstəlik, ən önəmlisi oyun paltardəyişmə otağında bitir. Meydanda bütün bacarığını qoymalısan. Qələbə əziyyətdən gəlir.

 

- Orxan Əliyevin ehtiyatda qalmasının səbəbi nədir?

- Taktiki planda iş idi. Kərim Lkoça daha çox topla oynasın deyə startda meydana çıxdı. 

 

- İkinci hissə hücumda daha aktiv oynadınız. Fasilədə nəyi dəyişdiniz?

- Döyüşkənliyi artırmağa çalışdıq. Uşaqlara dedim ki, özünüzə inanın.

 

- Paçu penaltini yerinə yetirə bilməyəndə onu əvəz etmək istədiniz?

- Xeye. Penalti ilə dünya dağılmır. Paçu meydanda sona qədər mübarizə apardı. Oyunçunun əziyyəti qiymətləndirilməlidir.

 

- Qoldan sonra köməkçinizlə nəsə danışırdınız... 

- Rauf ilə bağlı idi. Sarı vərəqəsi var idi, amma onu bir az da oynatmağa qərar verdik. 

 

- Penalti vurmayan oyunçu növbəti oyunlarda da vurmalıdır, ya necə?

- Problem şey yoxdur. Bir oyun vurmayanda o biri oyun vura bilər. Kim özünə daha inamlıdırsa, o vurur. Əsas vuranlarımız Paçu və Orxan Əliyevdir. Bir futbolçunu qazanmaq mənimçün önəmlidir.

 

Nuh Tarverdiyev