"Ümumilikdə istədiyimiz kimi olmasa da, müəyyən qədər - faiz etibarı ilə 60-70 faiz transferlərimizi etdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gəncə təmsilçisinin çalışdırıcısı komandasının qış hazırlığını və fasilədən sonra qarşılacaqları "Qarabağ"la oyunu dəyərləndirib:

"Əslində mərkəz müdafiəçisi fikirləşmirdik. Ceferson Bentunun gedişi bizi qısa vaxtda mərkəz müdafiəçisi gətirməyizə məcbur etdi. Düşünürdük ki, düşərgəyə əcnəbi hücumçu cəlb edək. Bu yöndə çalışırdıq. Təəssüflər olsun ki, planlarımız dəyişdi".

O, Misli Premyer Liqasının XVII turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə isə bunları deyib:

"Qarabağ"a qarşı oynamaq təzyiqdən çox məsuliyyəti artırır. Düşünürəm hər bir komanda "Qarabağ"a qarşı oynadıqda daha çox şey öyrənir. Çempionlar Liqasında mübarizə aparan yeganə komandamızın oyunu və meydanada gedişləri çox zövq verir".

Qeyd edək ki, "Kəpəz" qış fasiləsinə 10-cu pillədə yollanıb. "Sarı-göylər"in aktivində 9 xal var.