"Hesab açılana qədər pis oynamadıq, baxmayaraq ki, üstünlük albanlarda idi. Bu da normal. Rəqibin heyətində yer alan oyunçuların çoxu səviyyəli çempionatlarda, o cümlədən top-liqalarda çıxışı edirlər. Yəni, səviyə, peşəkarlıq görsənirdi". Bu sözləri Sport24.az-a açıqlamasında Azər Bağırov deyib.

 

Milli komandanın Albaniya ilə yoldaşlıq görüşünü dəyərləndirən mütəxəssis hücum xəttinin effektsiz olmasını xüsusi vurğulayıb: "İkinci hissədə millinin oyununda müəyyən qədər canlanma olsa da, futbolçularımızın, əsas da hücüm xətdində yer alanların oyun praktikası sarıdan əziyyət çəkdiyi hiss olunurdu. Nə Emin Mahmudovun effektli zərbələrini, nə Mahir Emrelini fərdi reydlərini, nə də Ramil Şeydayevin əzmkarlığını gördük. Qısası, hücum potensialımız zəif  idi. 2-ci və 3-cü qoldan sonra komanda ruhdan düşdü. Yalnız Emil Mustafayev ilə Musa Qurbanlının çalışqanlığı bəhrəsini verdi və təsəlli qolunu vura bildik. Amma ruhdan düşmək lazın deyil, gələcəyə ümidlə baxıb daha yaxşı yığma formalaşdıra bilərik".

 

Qeyd edək ki, Arif Əsədovun rəhbərlik etdiyi milli iyunun 7-də Macarıstanda baş tutan yoldaşlıq görüşündə Albaniyaya 1:3 hesabı ilə məğlub olub.

ABDULLA İSMAYILOĞLU