Misli Premyer Liqasının XXXV turunun "Şamaxı" - "Araz-Naxçıvan" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- İstəyimiz liqada qalmaq idi və bacardıq. Mövsümü uğurlu saymaq olar. Rəqibi təbrik edirəm, onlar üçün yaxşı il keçdi. Gələcəyə baxmalıyıq. Son oyunlarda gənclər, az oynayanlar meydanda olur. Son oyun qalıb. Çempionatın bitməsini səbirsizliklə gözləyirəm. Növbəti mövsümü düşünəcəyik.

 

- Yaxşı komanda qurdunuz. Görünən də odur ki, heyətdə çox futbolçunu istəyənlər var. Nə fikirləşirsiniz?

- Bəzi legionerlərin müqaviləsi var. İbrahim Konate "Zirə"yə keçdi, Bakiçlə də yollar ayrılıb. Yeni transferlər olacaq. Bir aydan çoxdur, iş gedir. İnanıram ki, burda qalsam, növbəti mövsüm iddialı olacağıq. 

 

- Qalsanız, hədəf nə olacaq? 

- Büdcəyə baxmaq lazımdır. Real olmalıyıq. Bu büdcə ilə yüksək hədəf olmur. Cəhdlər edəcəyik, nə dərəcə alınacaq, görəcəyik. Bunlar büdcədən asılıdır. 

 

- Adınız "Sabah"la hallanır. Nə dərəcə realdır? 

- Sizdən eşidirəm. Bəzi çətinliklər var. İstədiyimiz olmasa, riskə getmərəm. Bəzi məsələləri həll etməliyik. Hər şey ola bilər. 

 

- Ən az büdcə sizdə olub. Bu büdcəylə yeni mövsümdə nəyə iddia etmək olar? 

- Mən də baxmışam. Hər şeyi büdcə ilə bağlamaq olmaz. Yeni mövsüm çətin olacaq. "Qəbələ"nin təcrübəsi var, iddialı olacaqlar. Üstəlik, yeni gələn komandalardan çox şey asılıdır. Hər şeyə hazır olmaq lazımdır. 

 

- Rəhbərlik yeni maliyyə dayağı axtarır? 

- Bəli, dayanmırlar, çalışırlar. Bu rəhbərliklə işləmək rahatdır, peşəkar işlər görülür. Hər şeyi turnir cədvəlinə bağlamaq lazım deyil. Futbolçunu yetişdirmək də lazımdır. Bu gün Rüfət Abbasov, Edqar kimi oyunçular çıxıb. Bəzi klublar milyonlar xərcləyir, amma iki futbolçu çıxara bilmir. İnanmaq lazımdır. İnanım, bu gün 15 gənc olsaydı, hamısını oynadardım. Bu gün debüt edən Cəfər ötən mövsüm "Səbail"in əvəzedici komandasında idi. İşləmək istəyirik, çəkilmirik. 

 

-Ayrılan legionerlər özləri getdi? 

- Bakiç süni örtüklü meydançaya görə əziyyət çəkirdi. Vasili ilə qarşılıqlı razılaşıb, ayrıldıq. 

 

- VAR-ın olmaması oyuna necə təsir etdi?

- Sakit oyun keçdi. Məncə, VAR-a ehtiyac olmadı.

 

Nuh Tarverdiyev