"Maraqlı oyun gedirdi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Hesabda önə keçdik. Sonluq bizim üçün çətin keçdi". Bu sözləri "Şamaxı" - "Sumqayıt" oyunundan sonra jurnalistlərə açıqlamasında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis ilk öncə matçla bağlı fikirlərini bölüşüb:
"Belə olmasını istəməzdik. Bizdə bir neçə oyunda oxşar hallar yaşanıb. Oyuna daxil olan futbolçular rəqibin təzyiqi qarşısında çətinlik çəkir. "Zirə"yə də oxşar vəziyyətdə məğlub olmuşduq".
Oyununun sonlarında Ayxan Abbasovla Saşa İliç arasında mübahisə yaşanıb. Abbasov həmin olayı şərh edib:
"Təəssüf ki, rəqibin baş məşqçisinin aqressiyasına dözə bilmədik. Qol sevincindən sonra üstümüzə gəldi. Hər zaman demişəm ki, rəqib oyunçular və baş məşqçilər sevinməkdə sərbəstdir. Futbolçularıma da bildirirəm ki, rəqib qələbədən sonra istədiyi kimi sevinə bilər. Amma belə də yox. Saşa İliçin böyük karyerası var. Düzdür, oyundan sonra üzrxahlıq etdi. Amma bunu etməli deyildi. Orada bizim oyunçular daha aqressiv ola bilərdi. İkimiz üçün də yaxşı qurtardı. Özü də mənə bildirdi ki, səhv etmişəm. Burada hər kəs bir-birini tanıyır. Əsas odur ki, böyüklük göstərib öz səhvini etiraf etdi. Biz də qəbul etdik".
Qeyd edək ki, "Şamaxı" "Sumqayıt"a 1:2 hesabıyla uduzub.