"Müqaviləsi bitən futbolçularımız çoxdu və onlara təklif gəlməsi normaldı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bildirib. 

Avrokuboklara yollanmaq baxımından həm çempionatdan, həm də Kubokdan yaxşı şansı olan "gənclik şəhəri"nin təmsilçisinin futbolçularının adları başqa klublar ətrafında hallanır. Belə ki, Murad Xaçayevin Ukrayna "Zarya" klubuna keçəcəyi, hətta tərəflərin ilkin anlaşma əldə etmələri haqda Ukrayna mətbuatında yazılıb. İranlı legioner Höcət Haqverdi isə öz Vətənindən və xaricdən təkliflərin olduğunu açıqlayıb. "Sumqayıt" Avropaya çıxarsa, heyətini qoruya biləcəkmi? Abbasovu dinləyək: "Futbolçularımızla söhbətdə hamısı fikirlərini mövsümün son matçlarına yönəltdiklərini vurğulayıb. Əlbəttə, mən də istəyirərm ki, "Sumqayıt"da qalsınlar. Bunların hamısı mövsüm bitəndən, danışıqlardan sonra aydın olacaq. Bizdə icarədə olan 2 futbolçu var. Cabir Əmirli "Neftçi"yə, Eltun Turabov "Sabah"a məxsusdu. Komandamızda baş məşqçidən başlayaraq demək olar hamıda müqavilələr bitir". 

Xatırladaq ki, "Sumqayıt" 3-cü mövsümdü baş məşqçisi olan 40 yaşlı Abbasovla yenə Kubokun finalına yüksəlib və tarixində ilk dəfə çempionatımızın medalçısı - bürünc mükafatçı olmağa çox yaxındı.

 

 

MEHMAN SÜLEYMANOV