"Sabah" - "Qarabağ" oyunu çox böyük maraq doğurur". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının I turunda təxirə salınmış matçla bağlı fikirlərini bölüşüb:

"Son dövrlərdə bu komandalar turnir cədvəlində həm xal, həm də mövqe baxımından bir-birinə bu qədər yaxın olmamışdı. Bu səbəbdən bəlkə də mövsümün ən yaxşı və maraqlı matçlarından biri olacaq. Bu qarşılaşmada komandalar risk etməyə də bilərlər. Heç-heçə də qeydə alına bilər".

Əsədov istənilən komandanın qalib gəlməsinin çempionluğa təsir etməyəcəyini vurğulayıb:

"Qarabağ" qalib gəlməsi çempionluğu əldə etməsi demək deyil. Növbəti dövrlərdə klubların stabil çıxışı və əldə etdiyi xallar çox vacib olacaq. Hazırkı durumu, reallığı nəzərə alsaq, bu oyunu çempionatın derbisi kimi adlandırmaq olar".

Qeyd edək ki, dekabrın 18-də baş tutacaq "Sabah" - "Qarabağ" matçı saat 19:30-da start götürəcək.