"Komandalarımızın çempionata hazırlığı 100 faiz deyildi. Klubların çıxışlarında qeyri-stabillik var idi. "Bu, "Neftçi", "Sabah" kimi komandalara aiddir. Nümunə kimi "Səbail"i və "Kəpəz"i də əlavə etmək olar. Dörd klubda baş məşqçi dəyişikliyi oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov Misli Premyer Liqasının qış fasiləsinə qədər olan hissəsini dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis avrokublar uğrunda hansı komandaların mübarizə aparacağını açıqlayıb:
"Qarabağ" sabit çıxış edir. Düzdü, arada eniş olurdu. Təbii ki, qış fasiləsinə qədər Ağdam təmsilçisinin ideal vəziyyətdə olmasını demək olmaz. Bu, çempionatda və avrokuboklarda özünü göstərirdi. Yenə də digər klubların fonunda "Qarabağ" qış fasiləsinə qədər liderliyini qoruyub saxlaya bildi. "Araz Naxçıvan"ın çıxışı təəccübləndirdi. Mövsümün əvvəlində o qədər də inamlı təsir bağışlamasalar da, sonradan komanda ardıcıl qələbə qazanmağa başladı. Hazırda "Qarabağ"la rəqabət aparan klublardan biridir. Artıq çempionluq və avrokublar uğrunda kimlərin mübarizə aparacağı bəllidir. "Qarabağ" çempionluğa ən real komandadır. İkinci və dördüncü yerlər uğrunda mübarizə "Araz Naxçıvan", "Zirə" və "Sabah" kimi komandalar arasında gedəcək. Premyer Liqada qalmaq uğrunda isə "Səbail" və "Kəpəz" arasında rəqabət olacaq".