"Sabah" növbəti mərhələyə çıxa bilməsə də, iki oyunda özünü yaxşı tərəfdən göstərdi". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Bakı təmsilçisinin Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Çelye" komandasına uduzması ilə bağlı fikirlərini bölüşüb:
"Bərabər səviyyəli matçlar izlədik. Baxmayaraq ki, çətin və təcrübəli rəqib düşmüşdü. Sonda "Çelye"nin təcrübəsi, "Sabah"ın isə tam hazır olmaması nəticəyə təsir etdi. İlk qarşılaşmadakı məğlubiyyətdən sonra itiriləsi bir şey yox idi. Komanda risk etməli idi. Belə də oldu. Rəqibə təzyiq etməklə görüşə başladılar. İstədiklərinə də nail oldular və hesabda önə keçdilər"
Arif Əsədov Azərbaycan klubunun əsas problemlərindən də söz açıb: "Sabah" ikinci matçda nisbətən yaxşı müdafiə olunurdu. Amma topu ələ keçirəndə də tez itirirdilər. Topa nəzarətin olmaması əsas problemlərdən idi. Hesabda da önə çıxdılar. Əlavə dəqiqələrdə fiziki keyfiyyətin o qədər də yüksək olmaması öz sözünü dedi. Çünki hər iki qarşılaşmada qolları son dəqiqələrdə buraxdılar. Bu həm yorğunluqdan, həm də diqqətsizlikdən ola bilir. Amma yaxşı matçlar oldu. "Sabah" potensiallı kollektiv kimi gözə dəydi. Düşünürəm ki, Konfrans Liqasında növbəti mərhələlərə vəsiqə qazana biləcəklər. Transferlər, baş məşqçi işi öz sözünü deyir. Təzə məşqçinin etdiyi əvəzetmələr oyuna güc qatdı. Məncə, məğlub olsalar da, layiqli oyun göstərdilər".
Qeyd edək ki, Bakıda 2:3 hesabı ilə uduzan "Sabah" səfərdə əsas vaxtda eyni hesablı qələbə qazanıb. Əlavə vaxt 3:3 hesabı ilə bitdiyindən bakılılar mübarizəni dayandırıb.