"Bu gün ən gərgin, mübariz və maraqlı oyunlarımızdan birini keçirdik. İlk hissə daha yaxşı oynadıq, 2 qol vurduq. Hesabı bir qədər də artıra bilərdik. Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra oyuna yaxşı qoşulmadıq. Bəlkə də bir qədər arxayınçılığa yol verdik. Rəqib isə 2-ci yarıda erkən qollar vurmaqla hesabı bərabərləşdirdi. Bundan sonra onlar meydanda ağalıq etməyə başladılar. Amma şükürlər olsun ki, təslim olmayıb, xarakter göstərdik və oyuna əlavə olunan son dəqiqələrdə Mateni gözəl qoluyla hesabı bərabərləşdirib ən azı 1 xal qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Amil Yunanov bildirib.


"Sarı-göylər"in "29 nömrə"si 2-ci qoldakı məhsuldar ötürməsindən və qarşıdakı oyunlar barədə də danışıb: "Əslində Latif Falın qol vurduğu epizodda ötürmə etmək niyyətində deyildim. Qapıçını aldatsam da, iti bucaq altına düşdüm. Buna baxmayaraq, müdafiəçidən sıyrılıb qapıya zərbə endirməyi düşündüm. Ancaq qapıçı qola imkan vermədi. Ancaq özünü yetirən komanda yoldaşım fərqləndi. Hazırda yaxşı formafayıq. Turnir cədvəlində daha üst pilləyə yüksələ bilərik. Qarşıdakı 6 oyunda buna nail olmağa çalışacağıq".

 

Qeyd edək ki, Premyer Liqanın XXX turu çərçivəsində "ASCO Arena"da keçirilən "Səbail" – "Kəpəz" matçı 3:3 hesabı ilə başa çatıb.

ABDULLA İSMAYILOĞLU