"Xeyli vaxt idi, 3 xal qazana bilmirdik. Bu üzdən 3 xala ac idik. Hər oyuna qalib gəlmək üçün çıxsaq da, heç cür "qara zolaq"dan çıxa bilmirdik. Şükürlər olsun ki, "Zirə"ni məğlub edə bildik. Bu qələbə ilə sanki bataqlıqdan çıxdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayev bildirib.

 

Naxçıvan təmsilçisinin vitse-kapitanı qarşıdakı turlar üçün hədəflərini də açıqlayıb: "Mövsümə yaxşı başlamadıq. Amma turlar ötdükcə uğurlu oyunlar seriyası yaxalayıb avrokubok zonasına düşdük. Təəssüf ki, 3-cü dövrədə eniş yaşadıq və bu bir qədər uzun çəkdi ki, nəticədə Azər Bağırov istefa verməli oldu. Hazırda hədəfimiz dəyişib. Qarşıdakı 4 turda uğurlu çıxış edib mövsümü 8-ci pillədə başa vurmaq istəyirik".


Vadim Abdullayev "Araz-Naxçıvan"dakı baş məşqçi dəyişikliyinə də toxunub: "Təəsüf ki, mövsümün gedişində Azər Bağırov komandadan ayrılmalı oldu. Onu həm insan, həm məşqçi kimi çox istəyirdim. Məhz Azər müəllim məni ikinci dəfə futbola qaytardı. Onun üzərimdə əziyyəti və haqqı çoxdu. İstər Azər Bağırov, istərsə də Elmar Baxşıyev savadlı mütəxəssislərdi. Bu iki baş məşqçini müqayisə etmək istəməzdim".

 

Qeyd edək ki, aktivində 35 xal olan "qırmızı-ağlar" 32 turdan sonra turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

ABDULLA İSMAYILOĞLU