"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukrayna millisinə ilk dəfə dəvət olunması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu "YouTube" kanalında yayımlanan "Vzbirna" podkastında ukraynalı jurnalistlərin suallarını cavablandırıb.

 

- "Qarabağ"ın "Dinamo" üzərindəki qələbəsindən sonra sosial şəbəkələrdə "həmişə inan" yazılı bir paylaşım etdin. Bunu sənin hazırkı vəziyyətinə -çoxdan gözlədiyin milli komandaya dəvəti almağına da aid etmək olar?

 

- Əlbəttə! Milli komandaya düşmək futbolçunun əsas hədəflərdən biridir. Gördüyünüz kimi, özünü sübut etmək üçün hər zaman şans var. Bilirəm ki, bir çoxları üçün Azərbaycan liqasında çıxış edərkən Ukrayna millisinə dəvət almaq qeyri-mümkün görünə bilər. Lakin komandanız yaxşı çıxış edirsə və siz qollarınız və məhsuldar ötürmələrinizlə bu qələbələrə töhfə verirsinizsə, diqqət çəkirsiniz. Deməli, oradan da milli komandaya düşmək mümkündür.

 

- Həmin paylaşımı etməyə səni hansı hisslər vadar etdi? Məhz "Dinamo"nu məğlub etmək sənin üçün prinsip məsələsi idi?

- Bunu birbaşa prinsip məsələsi adlandırmazdım. Ukrayna təmsilçisinə qarşı oynayacağımızı öyrənəndə çox həyəcanlandım. Bilirdim ki, məşqçilər heyəti orada çıxış edən bütün ukraynalı futbolçuları izləyir, ona görə də bu, bacarıqlarımı nümayiş etdirmək üçün əla fürsət idi. İlk oyunda 0:1 hesabı ilə uduzsaq da, sonradan vəziyyəti dəyişə bildik. Növbəti mərhələyə vəsiqə qazanmağımızı təmin edən qolu vuranda çox xoşbəxt idim. Həmin paylaşımı etməyimə də məhz bu hisslər səbəb oldu. Əsas odur ki, inanasınız, onda hər şey yaxşı olacaq!.

 

- "Dinamo"ya qarşı iki oyun keçirdikdən sonra, səncə, onların o vaxtkı çətinliklərinin səbəbi nə idi? Onların zəif çıxışı sənin üçün sürpriz oldu?

- Başqa bir klubun daxili məsələlərinə girmək istəməzdim. "Dinamo" futbolumuzun nəhənglərindən biridir və komandanın ciddi şəkildə zəiflədiyini deyə bilmərəm. Çətin oyun olacağını gözləyirdim və elə də oldu. Sadəcə, həmin an biz daha güclü tərəf idik. "Dinamo" mübarizədən kənarlaşdı və hamı onların üzərinə düşdü. Düşünürəm ki, onlar yenidən əvvəlki formalarına qayıdacaqlar. Səmimi desəm, avrokuboklarda mümkün qədər çox Ukrayna komandasının iştirak etməsini istəyirəm.