"Neftçi"dən "Dinamo" ilə qarşılaşmada gözləntim qələbədir. Komanda yeni transferlərlə daha da güclənib". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis "Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda, Belarusun "Dinamo" (Minsk) kollektivi ilə qarşılaşmasından gözləntilərini bölüşüb:

"Fikrimcə, flaqman UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanmalıdır. Klubun büdcəsi, futbolçulara yaradılan şərait və onların aldığı maaş bunu tələb edir. Azərbaycanda ən yüksək şəraitə malik iki klub var – "Neftçi" və "Qarabağ". İlk növbədə avrokuboklarda uğur qazanaraq liqa mərhələsinə yüksəlmək lazımdır. Bundan sonra daxili çempionat barədə düşünmək olar. "Neftçi" kimi iddialı klub hər iki cəbhədə mübarizə aparmalıdır. Bunun üçün heyət daha geniş olmalı, bir-birini əvəz edən futbolçular eyni səviyyədə çıxış etməlidirlər. Klubun bunu reallaşdırmaq üçün hər cür imkanı var".

Xatırladaq ki, bu gün "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Dinamo" oyunu saat 20:00-da başlayacaq.