Ceyhun Əliyev


"Kral öldü, yaşasın kral!". 309 il əvvəl,1715-ci ilin sentyabrın 1-də, regent Orlean Hersoqu II Filipp XIV Lüdovikin ölüm xəbəri və 5 yaşlı XV Lüdovikin yeni kral olmasını bu cür elan etdi. Rövnəq Abdullayev AFFA prezidenti kreslosu ilə II Filippin təbirincə, özünü XIV Lüdovik obrazında görməklə vidalaşdı...


AFFA-nın bütün prezidentləri dövründə idman jurnalistikasında çalışan biri kimi yeni təyinatlara dair ilk cümləni bir qədər pessimist notlarda olan deyimlə başlayım: "Gələn gedənə rəhmət oxutdurur". Bu məmləkətdə daha bir acı reallıq var: medianın təzyiqi ilə heç kəs nə vəzifəyə qoyulur, nə də kənarlaşdırılır. Vaxtilə rəhmətlik Fuad Musayevin dövründə də, daha sonra mərhum Ramiz Mirzəyev dövründə də, bugünədək "ən böyük futbol funksioneri" sayılan Rövnəq Abdullayevin dövründə də eyni ssenariyə şahidlik etmişik. İndi Rövşən Nəcəf erası başlayır. Mikayıl Cabbarovun kadrı olan Nəcəfin ətrafında da eyni cərəyanın nümayəndələri yer alır. Yox-yox, Qurban Qurbanovu bu siyahıya daxil etmirəm, mən əksəriyyəti nəzərdə tuturam. Bura Balaş Qasımov və Maqsud Adıgözəlov daxil olmaqla yanaşı, Sərxan Hacıyevi də əlavə edərdim. Əks təqdirdə, Hacıyevin icraçı vitse-prezident postuna təsdiq edilməsi mümkünsüz idi. Böyük ehtimalla, "köhnələr"dən qalan Könül Mehdiyeva da rusların təbirincə desək, artıq "yeni süpürgə yeni üslubda süpürür" obrazında çıxış edəcək.


Bütün bunların fonunda bəzi maraqlı nüanslar da formalaşır. Artıq icraçı vitse-prezident olan Sərxan Hacıyev dəfələrlə Premyer Liqada komanda sayının dəyişməyəcəyini, idman prinsiplərinin qorunacağına dair açıqlamalar verib. Belədə, Rövşən Nəcəfin bugünkü mətbuat konfransında səsləndirdiyi "komanda sayı müzakirə olunacaq" fikri təzadlı görünür. Əlbəttə, bir müddət sonra "müzakirə etdik və qərara aldıq ki, say 10 olaraq qalsın" tipli açıqlama vermək mümkündü. Hətta deyərdim ki, indiki halda Hacıyevin seçkilərdən öncə sayın artırılmayacağını bildirməsi daha inandırıcı görünür. Hər halda, illərdi dəyişməyən və yaxın illərdə də dəyişməyəcəyini əmin olduğumuz reallıq var: icraçı vitse-prezident və ya baş katib AFFA prezidentindən daha müfəssəl məlumata malik olur. Hələliksə... "mən kral deyiləm və heç vaxt olmayacam" deyən Nəcəf və onun komandası erasına start verildi. Ümid edək ki, bu dəfə "gələn gedənə rəhmət oxutdurmayacaq".