AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə "Məktəblərdə Futbol" mövzusunda təşkil olunan semiara qatılıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Aprelin 21–23-nü əhatə edəcək tədbir Avropa ölkələri arasında məktəb futbolunun inkişafı, kütləviliyin artırılması və uşaqların idmana cəlb olunması istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.
Seminarda Azərbaycanla yanaşı, Portuqaliya, Avstriya, Belçika, Danimarka, İngiltərə, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, İrlandiya, Şotlandiya, İsveç, İsveçrə, Türkiyə və Uelsin də nümayəndə heyəti iştirak edir.
Tədbir çərçivəsində məktəblərdə futbol layihələrinin tətbiqi, uşaqların erkən yaşlardan idmana marağının artırılması, inklüzivlik və gender bərabərliyi prinsiplərinin təşviqi kimi mühüm mövzular müzakirə olunur.
Azərbaycanın nümayəndə heyəti seminar çərçivəsində müxtəlif ölkələrin uğurlu təcrübələri ilə tanış olur, interaktiv sessiyalarda iştirak edir.
Qeyd edək ki, bu cür tədbirlər UEFA-nın kütləvi futbol strategiyasının əsas istiqamətlərindən biri olmaqla, üzv assosiasiyalar arasında bilik və təcrübə paylaşımının gücləndirilməsinə xidmət edir.