"Hər iki komandanın şansı bərabərdir. Çox maraqlı oyun olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Musayev deyib.
Veteran futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı ilə bağlı gözləntilərini bölüşüb:
"İlk oyundakı heç-heçə bu qarşılaşmanı daha da maraqlı edib. Buna görə də şansları bərabər görürəm. Məncə, komandalar arasındakı mövsümün son oyununda qalib "Qarabağ" olacaq. Çünki ağdamlılar demək olar ki, çempionluq şansını itirib və bu üzdən bütün diqqətlər kuboka yönəlib. Hər iki kollektiv cari mövsümü çox yüksək səviyyədə keçirib".
Musayev qarşılaşmanın gərgin məcrada keçəcəyini də vurğulayıb:
"Əlbəttə, fərqli nəticə də ola bilər, amma yenə də düşünürəm ki, hər iki komanda bu oyuna final kimi çıxacaq. Hətta axşamkı görüşə erkən final da demək olar".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı bu gün "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.