AFFA-nın baş katibi Sərxan Hacıyevin Qərb bölgəsinə səfəri davam edir. Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, assosiasiya rəsmisi Gəncənin ardınca Tovuza yollanıb.
Hacıyev AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovla birgə hazırda Tovuz şəhər stadionunda Misli Premyer Liqasının XIX turunun "Turan" - "Qarabağ" matçını fəxri tribunadan izləyir. Orda klub rəhbərliyi ilə yanaşı, Tovuz icra başçısı Məmməd Məmmədov, "Huner Group"iun təsisçisi və baş direktoru, tovuzlu iş adamı Ehtiram Quliyev, Futbolun İnkişaf Fondunun icraçı-direktoru Tural Piriyev də yer alıb.
Xatırladaq ki, baş katib dünən Gəncədə olarkən həm XIX turun açılış matçı olan "Kəpəz" - "Qəbələ" görüşünü izləyib, həm də "Kəpəz"in Futbol Akademiyasının yeni tikilən bazasıyla tanış olub.
MEHMAN SÜLEYMANOV, Tovuz