Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda 2021/22-ci illər mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK
 
2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qəbələ” İK, “Səbail” PFK
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021/22 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.