Dünən baş tutan "Səbail" - "Kəpəz" görüşü dramatikliyi ilə seçildi. 6 qolun qeydə alındığı görüşdə qalib müəyyənləşmədi. Matçda diqqət çəkən əsas məqam meydana əvəzetmədən daxil olan Adi Mehremiçin 90+2-ci dəqiqə ard-arda sarı vərəqə alaraq meydandan qovulması oldu. "Qırmızı"ya görə, çox əsəbləşən müdafiəçi yalnız komanda yoldaşlarını müdaxiləsindən sonra meydanı tərk etdi. Oyundan sonra Bosniya və Hersoqovinadan olan legioner Sport24.az-a müsahibə verib.


- Adi, meydana əvəzetmədən çıxsan da qısa vaxtda qovuldun. Həmin an hakimlə aranda nə baş verdi?
- 32 yaşım var, 11 ölkədə legioner həyatı yaşamışam, bir ilə də yaxındı Azərbaycandayam. Amma hələ belə bərbad hakimlik görməmişəm. Özümü heç də müqəddəs, pak biri hesab etmirəm, emosionalam, xarakterimdə çılğınlığım var. Lakin bu gün heç bir qayda pozuntusu etmədim, əvvəlcə sarı, bir neçə saniyə sonra isə qırmızı vərəqə aldım. Rəqib hücumundan sonra topa zərbə vurdum. Hakim bunu fitdən sonra zərbə kimi qiymətləndirdi, gözləmədiyim halda mənə "sarı" göstərdi. Nə baş verdyini sual edəndə  mənə dərhal "qırmızı" verdi. Deyir "sən mənə tupoy deyirsən?" Hərçənd ki, belə  ifadə işlətməmişəm. Topa zərbəmdən də öncə futbolçumuza qarşı qayda pozuntusu olduğunu vurğuladım.Mənə qayıtdı ki "ne qovori, blyat". Mən də ona qarşılıq olaraq "sən mənim dostum, yaxınım deyilsən ki, bu tərbiyəsizliyi dilə gətirəsən" söylədim. Bundan sonra qırmızı vərəqəni göstərdi. Nəticədə hövsələdən çıxıb etirazımı bildirdim.



- Baş hakim rus dilində dediyiniz söyüşü işlətdi?
- Bəli.

 


- Sözlərindən belə çıxır ki, baş hakimin səhv qərarına görə, komandan bu gün xal itirdi...
- Hakim "şou" göstərdi. Halbuki meydan futbol oynanılmalı, referi də ədalətli hakimlik etməlidi. "Kəpəz"lə matçda Cavid Cəlilovun "idarəçiliy"i sayəsində imicimə zərbə dəydi. Nəticədə məni qınayacaqlar ki, komandanı çətin vəziyyətdə qoydu və "Səbail" məhz buna görə qələbəni əldən verdi.
Mənim isə heç bir günahım yoxdu.


- Avrokuboklara gedən yolda vacib 2 xal itirdiz. Qarşıdakı 6 turdan gözləntin...
- Bəli, irəlidə 6 oyun var. Bilmirəm mənə neçə oyunluq cəza veriləcək? Amma komandamın sona qədər mübarizə aparıb avrokuboklara vəsiqə qazanacağına inanıram. Bunun üçün əlimdən gələni edəcəm. Əlimizi-qolumuzu sallayası deyilik.

ABDULLA İSMAYILOĞLU