"Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm". Bu sözləri Sport24.az-a açıqlmasında "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib.

Təcrübəli yarımmüdafiəçi Bakıda Macarıstanın "Ferentsvaroş" komandasına uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Sevinirəm. Çox çətin oyun oldu. Çempionlar Liqasında oynamaq mənim uşaqlıq arzumdur. Kluba, azarkeşlərə, ölkəyə görə çox sevinirəm. Nəhayət bunu edə bildik".

Oyunçu matçdan sonra sevincini baş məşqçi Qurban Qurbanovla qeyd etməsindən də danışıb: "Qurban müəllimlə qeyd etmək mənim öz qərarım idi. Çünki bir neçə ildir onunla birlikdə çalışırıq. Onun necə əziyyətlə çalışdığını bilirəm. Zəhmətimizin bəhrəsini gördük. Bu, bizi çox sevindirir. Qurban Qurbanov bundan artığına da layiqdir".

Qeyd edək ki, səfərdə rəqibi 3:1 hesabı ilə üstələyən "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.