“Mövsümlərarası fasilədə 6 yeni oyunçu ilə anlaşmışdıq. Bir aya yaxın məşqlərdə də iştirak etdilər. Ancaq sonradan maaş məsələsində ortaq məxrəcə gələ bilmədiyimizdən düşərgədən ayrıldılar. Ötən mövsüm olduğu kimi bu ildə hələ ki, komandanı Asəf Məlikov maliyyələşdirir. Sponsor olmadığından istədiyimiz futbolçuları heyətə cəlb edə bilmirik”. Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada çıxış edəcək “Difai Ağsu”nun baş məşqçisi Paşa Əliyev bildirib.

Hazırda Şağan Olimpiya kompleksində məşq edən komanda bu günə kimi iki yoxlama matçı keçirib. Baş məşqçi saytımıza açıqlamasında avqustun sonunda təlim-məşq toplanışı üçün bölgəyə yollanacaqlarını da vurğuladı: “Bu günə kimi iki yoxlama matçı keçirmişik. Həm “Sabah”ın U-19-nu, həm də Region Liqasında çıxış edən “Dirçəliş”i məğlub etmişik. Avqustun 28-dən sentyabrın 6-dək Ağsuda təlim-məşq toplanışı keçəcəyik. Əsas məqsədimiz mübariz, keyfiyyətli futbol sərgiləyən komanda formalaşdırmaqdı. Heyəti komplektləşdirmək yönündə də işlərimiz davam edir. Komandaya bu gün əsas qapıçı, dayaq yarımmüdafiəçisi və hücumçu mövqeyində oynaya biləcək futbolçu lazımdı. Köməkçilərim Aydın Qasımov və Tural Lətifov olacaq. Hər ikisinə güvənirəm və inanıram ki, birgə işimiz sayəsində normal komanda yarada biləcəyik”.

 

RƏŞAD QASIMOV