"Abşeron" komandasının basketbolçusu Villiam Cenkin klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli oyunçu komandaya adaptasiya müddətindən və heyətinin hazır ki, durumu barədə danışıb.

 

- Villiam artıq bir neçə müddətdir ölkəmizdəsən. Bakı haqqında təəssüratlarını bilmək maraqlıdı.

- Mən Bakıda vaxt keçirməkdən həzz alıram. Təsəvvür etdiyimdən də yaxşı oldu hər şey. Çox sakit bir yerdi Bakı. İnsanlar da çox yaxşıdır.

 

- Bura necə uyğunlaşdın?

- Bura çox tez adaptasiya oldum. Komandamıza qoşulan digər amerikalıların olması isə bu prossesi mənim üçün bir qədər də asanlaşdırdı.

 

- Azərbaycandan təklif alanda kiminləsə məsləhətləşmisən?

- Səmimi desəm 2023/2024 mövsümündə birgə oynadığım komanda yoldaşlarımla bu barədə danışmamışam. Yalnız özüm bu barədə bir qədər araşdırmışdım.

 

- Oynadığın klublara və ölkələrə baxanda Ermənistana rast gəldim. Orada oynayarkən Azərbaycan haqqında nə isə bilirdin? Biz onlarla 4 il öncə öz torpaqlarımızı geri qaytarmaq üçün müharibə edib və qələbə qazanmışıq. Maraqlıdı sənə bu haqda məlumat verilmişdi?

- Mən Ermənistandan əvvəl Lüksemburq, İrlandiya və Avstraliyada da oynamışam. O zaman Azərbaycan haqqında məlumatlı deyildim. Daha sonra bura gəlməyə qərar verməmişdən öncə araşdırmışdım və iki ölkə arasında olan konfliktdən və sizin qeyd etdiyiniz faktlardan da məlumatım oldu.

 

- Oradan sonra ölkəmizə gəlmisən. Bakı sənin üçün oradan nə ilə fərqlənir?

- Düşünürəm ki, Bakı və Azərbaycan, Ermənistan və onun paytaxtından daha gözəl yerdir.

 

- Basketbola keçid edək. Ölkə çempionatını və "Abşeron"un ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?

- Azərbaycan basketbol liqasını bəyənirəm. ABL-in ilk dövrəsini qələbə ilə başa vurduq və güclülərin yer aldığı A qrupunu 4-cü tamamladıq. Özümüzü dəyərləndirməliyik və getdiyimiz yolu da təqdir edirəm.

 

- Azərbaycan basketbol liqasında müsbət və mənfi məqamlar haqqında fikirini bilmək istərdim.

- Müsbət məqamlar daha çox qeyd edərdim. Oyunların konfliktsiz, normal mübarizə şəraitində keçməsini dəstəkləyirəm. Oyunlardan həzz alıram. Mənfi nələrisə görməmişəm.

 

- Bundan sonra karyeranı harada görürsən? Avropada hansı klubda oynamaq istəyərdin?

- Ümid edərəm ki, karyeram müsbət istiqamətdə inkişaf edəcək. Arzuladığım komandaya gəldikdə isə bu, İtaliyanın "Olimpiya Milano"sudur.

 

- Ümumi olaraq basketbolda kumir olaraq kimi seçmisən?

- Ən sevdiyim basketbolçular Karmelo Entoni və Poul Corc olub.

 

- NBA klublarından kimə azarkeşlik edirsən?

- Melo təqaüdə çıxdığı üçün mən Poul Corc hardadırsa ona azarkeşlik edirəm. Buna görə "Filadelfiya" azarkeşiyəm.

 

- Qayıdaq yenidən bakı və sənə. Burada ən çox hansı yeməyi sevirsən?

- Mən dönəri çox sevirəm. Bakıda "101" adlı restoran var. Ora tez-tez gedirəm.

 

- Boş zamanını burada necə dəyərləndirirsən?

- Boş vaxtlarımda adətən youtubda basketbolla bağlı podkastları izləyirəm, biznes və yatırımlarla bağlı araşdırmalar aparıram.

 

- Son olaraq hansı sualı eşitmək istəyərdin?

- Xeyr, hər hansı bir eşitmək istədiyim sual qalmadı. Müsahibə üçün təşəkkür edirəm. Sevə-sevə cavablandırdım.