"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibləri məlum olub. Sport24.az xəbər verir ki, "Bayquşlar" qrup mərhələsində aşağıdakı klublarla qarşılaşacaq:
"Rytas Vilnius" — Litva
"Nanterre 92" — Fransa
"Sabah" BK — Azərbaycan
"Trabzonspor" — Türkiyə.
"Sabah"ın baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:
"Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik.
"Trabzonspor" artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. "Nanterre" də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar ölkə çempionatını ilk üçlükdə başa vurublar. "Rytas" isə ötən mövsümün çempionudur.
Bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyilik. Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr göstərə biləcəyik."