MBA-nın final seriyasının ikinci oyununda ''Denver''i 111:108 məğlub edərək ümumi hesabı bərabərləşdirən ''Mayami''nin baş məşqçisi Erik Spoelstra açıqlamalar verib. Sport24.az xəbər verir ki, o, komandasının əzmkar qələbəsinin sirri və eləcə də Nikola Yokiç barədə suala belə cavab verib: ''Nəyin hesabına əzmkarlıq nümayiş etdirdik? Məncə, əvvəlki 3 mərhələdə bu haqda kifayət qədər danışmışam. Mövsüm ərzində bir çox çətinliklərlə qarşılaşdıq və onların öhdəsindən gəldik. Heç vaxt zədə və ya başqa şeyləri bəhanə gətirmədik. Bu çətinliklər bizi daha da möhkəm etdi, güclü xarakterimiz formalaşdı. Bunun sayəsində istənilən maneəni adlaya bilərik. Amma ''Denver'' güclü rəqibdi. Onlara böyük hörmətimiz var. Çoxları deyir ki, ikinci görüşdə Yokiçin oyuna təsir gücünü azaltdıq. Amma bununla razı deyiləm".

Spoelstra hesab edir ki, Yokiç inanılmaz oyunçudu: "Son 2 ildə MBA-nın ən yaxşısı seçilməsi heç də təsadüfi deyil. Bu cür oyunçunu tamamilə bağlamaq mümkün deyil. ''Denver''in hücumda variantları çoxdu. Amma onların yox, özümüzün edə biləcəyimiz şeylərə köklənməliyik. Yokiçə böyük hörmətim var. Seriyanın digər maçlarında bizə çətinlik yaratmaq üçün əlindən gələni edəcək''.