MBA-da geridə qoyduğumuz mövsümün ən yaxşı debütantı seçilən ''Orlando''nun ağır forvardı Paolo Bankero qarşıdan gələn dünya çempionatında ABŞ yığmasının heyətində oynayacaq. Sport24.az xəbər verir ki, bu məlumatı öz qaynaqlarına əsasən insayder Şams Çaraniya paylaşıb.
Basketbol üzrə mundial avqustun 25-dən sentyabrın 10-na qədər Filippin, Yaponiya və İndoneziyada keçiriləcək. Turnirdən öncə ABŞ yığmasının 5 yoxlama oyunu keçirəcəyi gözlənilir. MBA-da isə yeni mövsüm oktyabrın 17-də start götürəcək.
20 yaşlı Bankeronun həm İtaliya, həm də ABŞ vətəndaşlığı var. O, daha öncə İtaliya yığmasına üstünlük vermişdi. Amma Avropa çempionatının seçmə mərhələsi üçün İtaliya yığmasına çağrılsa da, parketə çıxmamışdı. Bankero MBA-da ilk mövsümündə 74 qarşılaşmada iştirak edərək orta hesabla hər oyuna 20 xal, 6,9 ribaund və 3,7 ötürmə göstəriciləri ilə fərqləndi. Amma ''Orlando'' Şərq Konfransında 34 qələbə, 48 məğlubiyyətlə yalnız 13-cü pilləni tuta bildi və pley-offdan kənar qaldı.