MBA ulduzları arasında Solt-Leyk Sitidə keçirilən “All Star” həftəsinin ikinci günü geridə qalıb. Sport24.az xəbər verir ki, azarkeşlər bir günün içində 3 fərqli yarışın şahidi olub. Basketbolçularının ustalıq yarışmasında Kolinz Sekston, Uoker Kessler və Cordan Klarksondan ibarət “Yuta” komandası 300 xalla qalib gəlib. “Miluoki”nin ulduzu Yannis Adetokumbonun komandası 100 xalla ikinci olub. Debütantlardan ibarət kollektiv isə xal qazana bilməyib.

3 xallıq atış yarışında “Portlend Treyl Bleyzers”in lideri Demyen Lillard qalib gəlib. 26 xal toplayan ulduz basketbolçu karyerasında ilk dəfə bu yarışda uğur qazanıb. “İndiana Peysers”in basketbolçusu Baddi Hild Lillardan 1 xal az toplayaraq 2-ci olub. 17 xal toplayan onun komanda yoldaşı Tayriz Halibertson 3-cü yerə sahib çıxıb.

Dank müsabiqəsində isə “Filadelfiya Seventi Siksers”in oyun qurucusu Mek Makklinq 99,8 balla fəxri mükafata sahib çıxıb. “Nyu Orlean”dan Trey Mörfi 96 balla ikinci, “Nyu-York Niks”dən Ceriko Sims 3-cü olub.