Milli Basketbol Assosiasiyasında  (MBA) mövsümün finalçıları müəyyənləşib. Spprt24.az xəbər verir ki, "Denver Naqqets”dən sonra “Mayami Hit” də həlledici seriyada oynamaq imkanı əldə edib.

Hərçənd, “Boston Seltiks”ə qarşı Şərq konfransının final seriyasının ilk 3 oyununda qalib gələn “Mayami” bunu daha erkən reallaşdırmağa yaxın idi. Amma sonradan bostonlular ardıcıl 3 qələbə qazanaraq seriyada hesabı bərabərləşdirdi. 7-ci oyunun “TD Garden”də keçirilməsi də Co Mazzullanın komandasının şanslarını daha da artırırdı. Amma “Seltiks” bundan yararlana bilməyib.

Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan Mayami basketbolçuları fasiləyə 11 xallıq üstünlüklə yollanıb. 3-cü bölümdə meydan sahibləri qismən fəallığı artırsa da, son 12 dəqiqəlik hissədə floridalıların qarşısını kəsə bilməyib.

Beləliklə, seriyanın 7-ci oyununda səfərdə “Boston”u 103:84 hesabıyla məğlub edən “Mayami” 3 ildən sonra tariixində 7-ci dəfə MBA finalına yüksəlib. Bununla yanaşı, “Hit” MBA tarixində müntəzəm çempionatı 8-ci yerdə başa vurduqdan sonra liqanın həlledici seriyasında oynamaq imkanı əldə edən 2-ci komanda kimi tarixə düşüb. Buna qədər belə bir qəhrəmanlıqla yalnız 1998/99 mövsümündə “Nyu-York Niks” yadda qalmışdı.