Beynəlxalq Basketbol Federasiyası (FİBA) qadınlardan ibarət Mali yığmasının basketbol komandasında yaşanan cinsi zorakılıqla bağlı qalmaqal haqda yekun qərarını verib. Sppry24.az xəbər ki, 2021-ci ilin iyununda ''Nyu York Tayms'' nəşri və insan hüquqlarının müdafiəsi ilə məşğul olan ''Human Rights Watch'' təşkilatı sayəsində Mali yığmasında yaşanan qalmaqalın üstü açılmışdı.

Həm məşqçilər korpusunun, həm də federasiya üzvlərinin ümumilikdə 100-dən çox qadın basketbolçuya qarşı seksual hərəkətlərə və cinsi zorakılığa yol verdiyi məlum olmuşdu. Həmin vaxtdan bu yana hadisəni araşdırmaqla məşğul olan FİBA 5 nəfərin cəzalarını açıqlayıb. Yığmanın baş məşqçisi Amadu Mamba basketbolla bağlı bütün tədbirlərdən və FİBA-nın turnirlərində iştirakdan ömürlük diskvalifikasiya edilib  O, eyni zamanda 80 min İsveçrə frankı (təxminən 90 min dollar) həcmində pul cəriməsi ödəməli olacaq.

Federasiyanın sabiq prezidenti, qalmaqalın üstü açıldıqdan sonra istefa verən Haruna Mayqa 8 illiyə diskvalifikasiya olunub və 20 min frank cərimə ödəyəcək. Bundan başqa, yığmanın məşqçilər korpusunun bir və federasiyanın daha iki üzvü 2 ildən 6 ilə qədər cəzalanıb.