MBA əfsanəsi, şöhrətlər zalının üzvü, yaxın müddətə qədər turnirin tarixinin ən çox xal toplayan oyunçusu statusunda olan Kərim Əbdül-Cabbar ''Leykers''in bu mövsümkü performansı və komandanın lideri Lebron Ceyms haqda danışıb. Sport24.az xəbər verir ki, fevralın əvvəllərində Ceyms Əbdül-Cabbara məxsus 40 illik rekordu qıraraq MBA tarixinin ən məhsuldar oyunçusu olmuşdu.
Əbdül-Cabbarı dinləyək: ''Mövsümün sonuna yaxın Lebron və ''Leykers''in digər üzvləri çox yorğun görünürdülər. Sanki bir mövsümün yox, iki mövsümün yorğunluğu var idi. Amma yenə də əllərindən gələni etdilər. Mövsümə bu qədər pis başlamasaydılar, sona yaxın gücləri daha çox qalardı. Hər şeyə rəğmən, yaxşı performans sərgilədilər. Hər kəs meydanda maksimum gücünü qoydu və pley-offda bir neçə yaxşı rəqibi keçdilər. Finala çıxa bilməsələr də, ''Leykers'' bu mövsüm özü ilə fəxr edə bilər".
Əfsanəvi basketbolçu deyib ki, heç vaxt Lebronla təkbətək 2-3 dəqiqədən artıq söhbət etməyib: "Bir-birimizə qarşı heç bir inciklik və ya düşmənçiliyimiz yoxdu. Zirvələri fəth edib və ən xoş sözlərə layiqdi. Bəlkə də nə vaxtsa, geniş söhbət etmək fürsətimiz oldu. Bundan imtina etmərəm''.