Basketbol üzrə Fransa yığmasının baş məşqçisi Vensan Kolle avqustun 25-də start götürəcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 'o, "Filadelfiya''nın mərkəz oyunçusu Coel Embiidin yenicə vətəndaşlıq almasına baxmayaraq, mundialda komandaya yardım etməyəcəyini bildirib.

Ötən mövsüm müntəzəm çempionatın MVP-si seçilən Embiidin Kamerun, ABŞ və Fransa vətəndaşlığı var. Amma o, hələ də hansı yığmada oynayacağına qərar verməyib.

Kollenin sözlərinə görə, 'MBA onları mundiala hazırlıq dönəmini mümkün qədər qısa etməyə məcbur edir: "Bizi çox intensiv bir turnir gözləyir. İddialı danışmaq istəmirəm. Amma bu turnirlə bağlı ambisiyalarımız, gözləntilərimiz var. Çətin olacağını bilsək də, ora heç kimdən qorxmadan yollanırıq. Minimum hədəf 1/4 finala yüksəlməkdi. Amma yolumuzun üstündə Kanada, Latviya, Braziliya İspaniya kimi komandalar var. İşimiz asan olmayacaq. Bu hədəfə çatsaq, artıq hər şey mümkün ola bilər. Belə turnirlərdə heç kim sürprizlərdən sığortalanmayıb. Ötən mundialda Serbiya favoritlərdən biri idi və mübarizəni 1/4 finalda dayandırdı. Bu, mənim üçün böyük sürpriz olmuşdu. Embiid? Bəlkə də nə vaxtsa, komandamızda olacaq. Amma bu il yox. Nə olacağını bilmirik. Özü seçimini etməlidi. Onun qərarını gözləyirik. Ümid edirik ki, Fransanı seçəcək''.