Litvanın Kaunas şəhərində basketbol üzrə Avroliqanın “Dördlər finalı”na start verilib. Sport24.az xəbər verir ki, "Jalgiris Arena”da keçirilən yarımfinal oyunlarında azarkeşlər maraqlı və eyni zamanda oxşar ssenarilərə şahidlik edib.
Əvvəlcə meydançaya müntəzəm çempionatın qalibi olan “Olimpiakos”la turnirin ən parlaq oyun sərgiləyən komandalarından biri olan “Monako” çıxıb. İlk hissə “Knyazllıq klubu”nun üstünlüyü şəraitində keçib. İlk hissədə 29 xal yığan pireylilər təkcə 3-cü bölümdə 27 xalla yadda qalıb. Bu azmış kimi, əla müdafiə olunan Yunanıstan təmsilçisi 10 dəqiqə ərzində rəqibinə cəmi 2 xal toplamağa imkan verib. Son bölümdə monte karlolular fəallıq nümayiş etdirsə də, “Olimpiakos ” oyuna nəzarəti əlində saxlayıb. Xüsisən də, çempionatın ən məhsular oyunçusu Aleksandar Vezenkov 19 xal toplayaraq “Olimpiakos”un qələbəsində böyük pay sahibi olub. Beləliklə, “Monako”nu 76:62 hesabıla məğlub edən “Olimpiakos” 2016/17 mövsümündən sonra ilk dəfə finala çıxıb.
Müntəzəm çempionatı 3-cü sırada başa vuran “Real Madrid” də əzəli rəqibi “Barselona”nı eyni ssenari ilə məğlub edib. “El Klasiko”nun ilk hissəsi “Barsa”nın nisbi üstünlüyü şəraitində keçib. Amma fasiləyə 6 xal fərqilə geridə yollanan madridlilər ikinci hissədə əzmkarlıq nümayiş etdirərək geridönüşə imza atıb. Xüsusən də kabo-verdeli mərkəz oyunçusu Edi Tavareş “Barselona”nın səbətinin altında fəallıq nümayiş etdirərək 20 xal və 15 ribaundla “Real”ın qəhrəmanına çevrilib: Barselona – Real Madrid 66:78
Xatırladaq ki, 9 il əvvəl də Milanda keçirilən yarımfinalda “Real Madrid” “Barselona”nı məğlub edərək həlledici görüşə vəsiqə qazanmışdı. Bununla yanaşı “Real” ardıcıl 2-ci mövsüm Avroliqanın finalında oynamaq imkanı əldə edib. Yeri gəlmişkən, sabah finalda üz-üzə gələcək “Real”la “Olimpiakos” tarixdə 4-cü dəfə həlledici görüşdə qarşılaşacaq. Hələ ki, bu göstəricidə pireylilər madridlilərdən 2:1 hesabıyla üstündür.