Qış transfer dönəmində fəal olan, əsasən hücum xəttini gücləndirən "Keşlə" ukraynalı legioner Dmitri Klotsla yollarını ayırandan sonra dayaq yarımmüdafiəçisi mövqeyinə də futbolçu gətirməyi planlaşdırırdı. Komandanın baş məşqçisi Yunis Hüseynov bizə axtarışda olduqlarını, bir qədər gözləməyi məsləhət görmüş, "Neftçi"ylə yoxlama matçından sonra bunun reallaşacağını istisna etməmişdi. Təcrübəli mütəxəssislə söhbətimizə gözlənilən transferlə bağlı işin nəticəsi ilə başladıq. 

 

- Yeni transfer alınmadı. Yəqin, bu yöndə çalışmamız artıq bitdi.

 

- O, Sezar Meza Kollinin Rumıniyada çıxış edən, Azərbaycanda da uzun illər legioner həyatı yaşamış Derlis Meza Kolli idi?

- Gəlin, adı deməyək ki, kim idi. Ancaq alınmadı.

 

- Səbəb nə idi?

- Klubuyla bağlı bir az problem oldu. Buna görə gələ bilmədi. 

 

- Çempionatın bərpasına 5 gün qalsa da, "transfer pəncərəsi" hələ fevralın 10-dək açıq olacaq. Yəni, vaxt yetərincə var. Ola bilərmi ki, transfer gedişatda olsun?

- Dəqiq deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, daha transferimiz olmayacaq. Bilirsiniz, bu dəqiqə "transfer pəncərəsi" açıq olsa da, sərbəst olan futbolçu da yoxdu. Əslində, boş olan futbolçu çox var, ancaq bəyəndiyimiz yoxdu. Buna görə transfer məsələsində hələ ki dayanmışıq. Ola bilsin ki, etmədik. Bu, maddi amillərlə bağlı deyil. Sadəcə, bizə yararlı olan futbolçu yoxdu.

 

- "Sumqayıt"la matçadək hazırlıq planlarınız necə olacaq? Zədəli futbolçunuz varmı?

- Şükür Allaha ki, zədəlimiz yoxdu. Yalnız gənc oyunçumuz Rafael Məhərrəmlidə bir az problem vardı. O da düzəlib, bu gündən məşqlərə başlayıb. "Sumqayıt"la görüşədək gündə bir dəfə olmaqla hazırlığımızı davam etdirəcəyik.

 

- Yeni transferlərdən nə dərəcə razı qalırsınız? Nə dərəcədə uyğunlaşa bilirlər?

- Yaxşıdırlar, hər üçündən razıyam. Belə bir qlobal problemimiz yoxdu. Sadəcə, Sadio Tounkarayla Nicat Qurbanov bir az fiziki cəhətdən hazır deyillər. Onlar da yəqin ki, oyunadək tam hazır olacaqlar. Anatole Abanq isə bizə qabaqcadan qoşulduğundan, onun fiziki durumu normaldı. Ancaq Sadioyla Nicat gec qoşulduqlarından, bu sarıdan bir az problemləri var. Bunu da inşallah, matçadək yoluna qoyacağıq. 

 

- Qurbanov bunadək Gürcüstanın "Samtredia" klubunda mərkəz hücumçusu kimi çıxış edib. Ancaq "Neftçi"ylə yoxlama matçına əsasən belə nəticəyə gəlmək olar ki, onu sağ cinah yarımmüdafiçisi kimi oynadacaqsınız..

- Bəli, Nicatın Gürcüstanda hücumçu kimi çıxış etdiyini bilirəm. Özünün dediyinə görə, çox oyunda məhz bu mövqedə ondan istifadə ediblər. Matça baxacağıq, hər iki mövqedə oynada bilərik. Hər şeyi gedişat göstərəcək. 

 

- Mövsümün ilk yarısında yeganə hücumçunuz olan braziliyalı Silvio Junioru "Neftçi"yə qarşı ikinci hissədə meydana buraxdınız və 2 qol vurdu. Halbuki, 13 tura cəmi bu qədər fərqlənib. Düşünmürsünüz ki, Abanqın gəlişi onu silkələyib, rəqabətə görə hərəkətə gətirib?

- Ola bilər. Əlbəttə, rəqabət olan yerdə istər-istəməz futbolçular artırır. Bilir ki, həmin mövqedə oyunçu var və işinə daha məsuliyyətlə yanaşır, daha səylə çalışır. Fikrimcə, Abanqın gəlişi hücumda rəqabəti daha da gücləndirəcək və Silvio da oyununu daha yaxşılaşdıracaq. Sadəcə, Junior bizə bir az gec qoşuldu. Onun Brailiyadan gəlişində bir az problemlər oldu. Tez gəlməli idi, ancaq Vətənində koronavirus testini gec vermələri buna imkan vermədi. Bu üzdən Sulvio hələ tam hazır deyil. Ancaq düz vurğuladınız ki, yeni hücumçunun gəlişi ona təsir edəcək və mənə elə gəlir ki, oyununu artırmalıdı. 

 

- Yeri gəlmişkən, hər iki hücumçunuz saçlarını rənglərəyək saraldıb. Onları səhv salmayacaqsınız?

- (gülür) Elədi, hər ikinizdə saç düzümü eynidi. Maraqlı təsadüfdü. Abanq bura çoxdan gəlib, ona diqqət yetirməmişdim. Gələndə gördük ki, bunun da saçı belədi. 

 

- "Sumqayıt" sizdən fərqli iki yoxlama matçı keçirib. Necə dəyişib rəqibiniz? O da yeni transferlərə imza atıb, iranlı futbolçular gətirib...

- Rəqibimizin oyununa ətraflı baxıb analiz edəcəyik. "Sumqayıt"yaxşı komandadı, həm də transferlər edərək  güclənib. Çətin oyunlar olacaq. Heç vaxt asan matçlar olmur. Maksimum dərəcədə çalışmalıyıq ki, "Sumqayıt"la görüşə tam hazır olaq.  

 

 

 

MEHMAN SÜLEYMANOV