Azərbaycanı "Challenge Cup"da təmsil edəcək kişilərdən ibarət "Xilasedici" voleybol klubunun rəqibi zəif olmayacaq. Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.

 

Mütəxəssis yaxşı heyət qurduqlarını vurğulayıb: "Artıq statistikimiz və menecerimiz məlumat toplamağa başlayıb. Rəqiblər böyük ehtimalla zəif olmayacaqlar. Ötən il Balkan Kubokunda Türkiyənin "Arkasspor" klubu çempion olmuşdu. Bu il isə Türkiyə komandaları yarışda iştirak etməyəcəklər. Ötən mövsüm 6 komanda mübarizə aparıb. Bu dəfə say hələlik bəlli deyil. Rəqiblərimiz avqustda bilinəcək. Ancaq bizim üçün bunun fərqi yoxdur, yarışa hazırlaşmalıyıq. Bu il yaxşı heyət qurmuşuq və komandama güvənirəm".

 

Qeyd edək ki, Azərbaycan təmsilçisinin "Challenge Cup"dakı potensial rəqibi Balkan Kubokunu qazanan komanda olacaq. Avrokuboklarda debüt edəcək "Xilasedici" mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-nə, cavab matçı bir həftə sonraya təsadüf edəcək.