"Nigeriyada yaxşı futbolçular olsa da, Azərbaycan Premyer Liqası səviyyəsində oynaya bilənləri azdır. Futbolçu adı ilə başqa sahədən adam yığıb gətirilməsi isə boş söhbətlərdir".
Sport24.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
48 yaşlı mütəxəssis bir müddət əvvəl gəncəli azarkeşlərin narazılığına səbəb olan Nigeriyadan bir qrup futbolçunun baxışa gətirilməsindən danışıb. Şükürov onların klubun sabiq idman məsələləri üzrə müşaviri Erkin İbrahimovun təşəbbüsü ilə düşərgəyə cəlb edilldiklərinə dair iddialara münasibət bildirib: "Tək Erkin İbrahimovun yox, futbola aid başqa insanların da bu işdə əlaqələri və iştirakı vardı. Futbolçulara baxış dönəmi olduğuna görə, baxıb rəhbərliyə bildirmişik. Amma bəyəndiyimiz oyunçu olmadı".
Baş məşqçi klub rəhbərliyində dəyişikliklərlə bağlı suala cavablandırıb: "Bu, mənim fikir bildirəcəyim məsələ deyil və fikrimcə, komandanın növbəti mövsümdəki nəticələrinə təsir etməyəcək. Heyət yaxşıdır və futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar".
Şükürov futbolçuların digər səbəblərdən kütləvi şəkildə göndərilmələrinin yanlış məlumat olduğunu da əlavə edib: "Sadəcə, bəzi futbolçuların gözləntiləri bizim imkanları aşırdı. Onların istəklərini qarşılaya bilmədiyimiz üçün də komanadadan ayrıldılar. Hansısa futbolçu ilə problem olması və o səbəbdən göndərilməsi söhbəti yoxdur".
Qeyd edək ki, "Kəpəz"in İdarə Heyətinin üzvü və idman məsələləri üzrə müşaviri Erkin İbrahimov bu günlərdə vəzifəsindən rəsmən ayrılıb. Klubun mayda gələn İdarə Heyətinin sədri Namiq Qədirovun da klubu tərk etdiyi iddia olunur.