Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov kişi voleybolçular arasında keçiriləcək 2022 Dünya çempionatının püşkatma mərasimində iştirak edəcək. Sport24.az xəbər verir ki, sentyabrın 30-da Rusiyanın paytaxtı Moskva şəhərində FİVB kişi voleybolçular arasında 2022 Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək.

İrina Viner–Usmanova adına Gimnastika sarayında təşkil ediləcək tədbirdə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ari Qraça, FİVB rəsmiləri, CEV idarə heyətinin üzvləri və digər qonaqlar iştirak edəcəklər.

24 komandanın mübarizə aparacağı çempionatın püşkatma mərasimində qruplar Rusiyanın əfsanəvi voleybolçuları Lyubov Sokolova və Taras Khtey-in köməyi ilə müəyyən olunacaq.

Tədbiri 18:00-da Beynəlxalq Voleybol Federasiyasının (Volleyball World) rəsmi YouTube kanalında da izləyə bilərsiniz.