Son günlərini yaşadığımız 2023-cü il bir çox idman növləri kimi voleybolda da fərqli hadisələrlə yadda qaldı. Ən son xəbər isə 2 gün əvvələ təsadüf etdi. Faiq Qarayev yenidən qadınlardan ibarət yığmanın baş məşqçisi təyin olundu.
Ümümilikdə ilin necə keçməsi, eləcə də yeni baş məşqçinin gəlişilə bağlı millinin və "Azərreyl"in voleybolçusu Aynur İmanova ilə söhbətləşdik. Həmsöhbətimiz Sport24.az müsahibəsində həm karyerası, həm milli ilə bağlı suallarımızı cavablandırdı.
- 2023-cü il sənin üçün necə keçdi, uğurlu il saymaq olar?
- 2023-cu il yarışlarla zəngin oldu. Bildiyiniz kimi milli komanda Avropa çempionatına qatıldı. "Azərreyl" heyətində gərgin matçlar keçirdik. İndi əsas diqqəti Azərbaycan çempionatına vermişik. Ümumilikdə 2023-cü ilin mənim üçün yaxşı keçdiyini söyləyə bilərəm.
-Bu il reallaşdıra bilmədiyin planların oldu?
- Əlbəttə oldu. Avropa çempionatında daha yaxşı çıxış etmək istəyirdim. İnşallah, növbəti qitə çempionatında bu arzum reallaşar. "Azərreyl"də də daha yaxşı nəticələrə imza atmağı düşünürük. Bəzən istədiyimiz alınır, bəzən də hansısa səbəbdən arzularımızı reallaşdıra bilmirik. Oyunçuların bəziləri yenidir. Danimarkalı legionerlər komandaya bir qədər gec qoşuldular. Kollektivə yeni qoşulduqlarından hələ ki, uyğunlaşma prosesini keçirlər. Avrokuboklarda daha da irəli gedə bilərdik. Amma, vaxt az olduğundan hələ bir-birimizə tam uyğunlaşa bilməmişdik. Hazırda ölkə çempionatında turnir cədvəlində 1-ci yerdəyik. Çalışacağıq zirvədəki yerimizi qoruyaq.
- Milli komandaya yeni baş məşqçi Faiq Qarayevin gəlişinə münasibətin necə oldu?
-Mən özüm də Faiq müəllimin yetirmələrindən biriyəm. Uşaq vaxtı Faiq müəllim bizim məşqləri izləyirdi. Müəyyən vaxtdan sonra artıq onun rəhbərliyi altında oynamağa başladım. Mənə hər cür dəstək oldu ki, bu sahədə qalım. Onda Faiq müəllimin yanında Yelena Şabofta çalışırdı. Tribunada oturub məşqlərə baxırdım. Sonradan məndə potensialı görüb, milli komandaya dəvət etdi. Onun milliyə təyin olunması mənim üçün sevindirici haldır. Çünki, o bizi tanıyır, nəyə qadir olduğumuzu bilir. Bizə də onunla işləmək həm rahat, həm də doğmadır. İnanıram ki, milli komandamız bundan sonra daha yaxşı nəticələr əldə edəcək.
- Söylənilənlərə inansaq, millinin heyətində qruplaşmalar var. Faiq müəllimin gəlişi bu söz-söhbəti kökündən kəsə bilər?
-Qızlar arasında o normaldır. Bir-birilə daim ünsiyyət qurub, daha yaxşı anlaşanlar var. Mənim bütün komanda üzvləri ilə münasibətim yaxşıdır. Özümün də yaxın bildiyim, rəfiqəlik etdiyim var. Ancaq bu komanda işinə təsir etmir.
- Keçən illə müqayisə etsək bu il voleybolumuzda hansısa dəyişiklər var?
- Ötən ilə nisbətən bu il Azərbaycan çempionatı daha fərqlidir. Çempionatda daha güclü komandalar çıxış edir. Voleybol Federasiyası çalışır ki, çempionatın səviyyəsi daha da yüksəlsin. Bu da yığmamızın, klublarımızınr Avropa çempionatında, avrokuboklarda çıxışına təsirini göstərəcək. Ötən il birinciliyin zəif olması qitəmiqyaslı yarışlarda sözünü dedi. İnanırıq ki, 2024-cü il bizim üçün uğurlu olacaq.
- Yeni ildə prioritetin nədir?
- Hazırda əsas diqqətimizi ölkə çempionatına yönəltmişik. Çalışacağıq mövsümü kubokla başa vuraq. Bir də əsas məqsədim milli komandada "14-lüyə" düşmək və yığma səviyyəsində uğur qazanmaqdı.
- Gələcək də legioner həyatı yaşamağı düşünürsən?
- Cavan olsaydım bəlkə də düşünərdim. Amma indiki vəziyyətdə mənim Azərbaycan çempionatımda oynamağım daha əlverişlidir. Çünki, azyaşlı bir övladım var. Onu buraxıb və ya onunla xaricə getməyim çətindir.
- Necə fikirləşirsən, Azərbaycanda voleybolun daha da inkişafı üçün nəyə ehtiyac var?
- İndi Voleybol Federasiyası bu idman növünün inkişafına çox diqqət ayırır. Əsasən də uşaqlara. Federasiya nümyəndələri bölgələrə gedir, yarışı keçirirlər. İnanıram ki, bütün bunların fonunda voleybolumuz böyük uğur əldə edəcək.
- Maraqlıdır, voleybolda ilk addımlarını atanda ailən sənə dəstək olurdu?
- Atam və böyük bacım mənə dəstək oldular. 9-cu sinifdə oxuyanda bildirdilər get Bakıya və voleybolla daha ciddi məşğul ol. Alınar davam etdirərsən, alınmaz məktəbi bitirdikdən sonra universitetə sənəd verərsən. Gəlib burda bibimgildə qaldım. Xoşbəxtlikdən alındı və voleybolçu oldum. Yəni, ailəm mənə lazım olan dəstəyi verib.
- Rayonlarda da voleybola marağı olanlar az deyil, amma...
-Mən özüm də rayondan gəlmişəm. Üzərimdə səylə çalışdım və sonda istəyimə çatdım. Bu gün qızlarımızın bu idman növündə inkişafı üçün hər cür şərait var. Yetər ki, məqsədin və həvəsin olsun.
- Voleybola həvəsi olan xanımlara nə məsləhət görərdin?
- Bəli, voleybol çox gözəl idman növüdü. Sevə-sevə gənc qızlarımıza, xanımlarımıza voleybolla məşğul olmağı tövsiyyə edirəm. Bir idmançı, vətəndaş üçün ölkəsini xaricdə təmsil etməkdən gözəl hiss ola bilməz.
Röyanə Oğuz