Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, Frişman 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin oyunlarında supervayzer kimi fəaliyyət göstərəcək.
O, hakimlərin işini qiymətləndirəcək.
EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq.
Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.