Oktyabrın 19-da Yunanıstanın Rodos adasında şahmat üzrə klublar arasında Avropa Kubokuna start veriləcək. Sport24.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan "Vüqar Həşimov" komandası ilə təmsil olunacaq.
Bildirilib ki, komandanın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı şahmatçı Kazıbek Noqerbek çıxış edəcək. "Vüqar Həşimov" komandasının kapitanı Sərxan Həşimovdu.
Avropa Kubokunda digər azərbaycanlı şahmatçılar da mübarizə aparacaq. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov Türkiyənin "Bayedak Pendik", Ülviyyə Fətəliyeva Rumıniyanın "SuperChess", Gövhər Beydullayeva isə Serbiyanın "Sirmium Sremska Mitroviça" klubunun heyətində yarışacaq. Yeniyetmə şahmatçımız Xaqan Əhməd "Turkish Airlines" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Avropa Kuboku oktyabrın 25-də yekunlaşacaq.