“Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir”.
Sport24.az xəbər verir ki, bunu “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov turnirin mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, Həşimovun təkcə Azərbaycan deyil, dünya şahmat tarixində özünəməxsus yeri var: "Bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar".
Abdusattorovun sözlərinə görə, Azərbaycana gələndə superturnirin qalibi olacağına inanmayıb: "Çünki memorialda ən güclü şahmatçılar mübarizə aparırdı. Mükafatçılar sırasında yer almağı çox arzulayırdım. Sevinirəm ki, bunu bacardım".
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qrosmeyster Bakı ilə tanış olmadığını, ancaq yarışa kökləndiyini vurğulayıb: "Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu".