Dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Sport24.az xəbər verir ki, Dinq Liren Yan Nepomnyaşini məğlub edərək seriyada hesabı bərabərləşdiribsə, bu dəfə 13-cü partiyada sülh qeydə alınıb. Bu isə ümumilikdə 7-ci heç-heçədir.

Maraqlıdır ki, son 3 partiyada qrossmeysterlər təxminən eyni sayda gedişlər edirlər. Belə ki, 11-cidə 39, 12-cidə 38, bu gün isə 39 gediş edilib. Bu dəfəki partiya üç saatdan bir qədər çox davam edib.

Ağ fiqurlarla oynayan Nepomnyaşi ən sevdiyi və özünü daha rahat hiss etdiyi ispan partiyası debütünə üstünlük verib. Yan debütdə iki maraqlı gedişlə yadda qalıb, ancaq Liren sürprizlərin öhdəsindən gəlib. Çinli qrossmeyster üstünlük qazansa da, sonradan imkanı qaçırıb. 28-ci gedişdə artıq Dinq səhv edib, ancaq Yan bunun faydasını görməyib. 

Sonda Liren 3 dəfə gedişi təkrarlamaqla Nepomnyaşiyə sülh təklif edib. Beləliklə də, 13 partiyadan sonra hesab 6,5:6,5-dir. 

Sabah istirahət günüdür. Aprelin 29-da klassik vaxt nəzarəti ilə sonuncu - 14-cü partiya keçiriləcək. Qalib müəyyənləşməsə, aprelin 30-da tay-brek keçiriləcək.