Azərbaycanın iki cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, əvvəlcə tatamiyə Uşangi Kokauri çıxıb. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib.

Uşangi 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri Olimpiada ilə vidalaşıb.

Daha sonra qadın cüdoçu İrina Kindzerska mübarizəyə başlayıb. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən xanım idmançımız 1/8 final mərhələsində Bosniya və Herseqovinanı təmsil edən Larisa Tseriçlə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib.

O, bu mərhələdə Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib. Rəqibinə bu dəfə də ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib.

İrina finala gedən yolda Yaponiyanı təmsil ediən Akira Sone ilə qarşılaşıb. Görüş İrinanın məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan təmsilçisi bürünc medal uğrunda çinli Şiyan Xu ilə görüşərək çinli Xu Şiyana ipponla qalib gələrək "Tokio-2020"də ilk medalımızı əldə edib.