11 fevralı tarixi idman aləmində bir hadisəylə yadda qalıb. Sport24.az xəbər verir ki, 1928-ci ilin bu günündə II Qış Olimpiya Oyunları keçirilib.

İsveçrənin Sankt-Morits şəhərində təşkil edilən bu yarış adından da göründüyü kimi dünya tarixində ikinci qış olimpiadası olub. 1924-cü ildə olimpiadaya 16 ölkə qatılmışdısa, bu dəfə iştirakçı ölkələrin sayı 25 idi. Argentina, Estoniya, Almaniya, Yaponiya, Litva, Lüksemburq, Meksika, Hollandiya və Rumıniya tarixlərində ilk dəfə qış yarışlarına qoşulmuşdu. Bu olimpiadada Norveç 6 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb. Ümumilikdə 15 medalla II QIş Olimpiya Oyunlarının qalibi olub. İkinci yeri 6 medalla ABŞ (2 qızıl, 2 gümüş və 2 bürünc), üçüncü yeri isə 5 medalla (2 qızıl, 2 gümüş və 1 bürünc) İsveç idmançıları tutub. Yarışda 438-i kişi, 26-sı qadın olmaqla, ümumilikdə 464 idmançı mübarizə aparıb.


Olimpiada üçün İsveçrə hökuməti yerli Olimpiya Komitəsinə 100 min isveçrə frankı ayırdı. Bu məbləğin 40 faizi yarışın təşkili üçün xərclənəcəkdisə, qalan 60 faizi isə komandanın  qış və yay olimpiadalarına xərclənməli idi. Və tapşırıq üzərinə bütün məbləğ göstərilən istiqamətdə xərcləndi. 

Olimpiadanı işıqlandırmaq üçün Sankt-Moritsə gələn jurnalistlər şəhərdə yerləşən "Viktoriya Palace"da çalışırdılar. Ümumilikdə 27 ölkədən 330 jurnalist oyunu işıqlandırmaq üçün İsveçrədə idi. Jurnalistlər əsasən Almaniya, Fransa, İtaliya, Argentina, Meksika və yerli medianı təmsil edirdi.