Azərbaycan Güləş Federasiyası (AGF) gənc kadrların üzə çıxarılması, rəqabətli mühitin yaradılması, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Sport24.az xəbər verir ki, AGF rəsmiləri bu tədbirlər çərçivəsində Salyan rayonunun Şorsulu kəndində yerləşən güləş zalında olub.

 

Xalq pəhləvanı Yaşar Cavadovun adını daşıyan idman klubu AGF tərəfindən zəruri inventarla təmin edilib. İkimərtəbəli idman zalında həm taktiki-texniki, həm də fiziki hazırlıq üzrə məşqlər keçmək üçün tələb olunan şərait yaradılıb. Salyan və Neftçala rayonunun ümumilikdə 7 kəndindən (Şorsulu, Boranıkənd, Qaçaqkənd, Qazaqbərə, Dayıkənd, Seyidlər, Sarvan) olan 80-ə yaxın yeniyetmə idmançı Salyan UGİŞM-in məşqçi-müəllimi Tural Cavadovun rəhbərliyi altında sərbəst güləşin sirrlərinə yiyələnir.

 

Tədbir çərçivəsində sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov, Salyan UGİŞM-in direktoru Bilal Ələkbərov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elmar Əbilov, AGF-nin regional nümayəndəsi İlham Məmmədov zalda yaradılmış şəraitlə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparılıb, məşqçilərə və idmançılara öz tövsiyələrini çatdırıblar.

 

Qeyd edək ki, buna qədər Goranboy, İmişli və Qəbələ rayonunda güləşçilər və məşqçilərlə görüşən AGF rəsmilərinin regionlara səfəri davam edəcək.