Bu gün güləş üzrə Avropa çempionatı start götürüb.
Sport24.az xəbər verir ki, ilk yarış günündə 5 çəki üzrə mübarizəyə start verilib. 5 güləşçimiz bugünkü görüşlərdə xalça üzərinə çıxıb. İki idmançımız finala vəsiqə qazanıb, iki təmsilçimiz isə bürünc medal uğrunda güləşəcək.
55 kq
Rəşad Məmmədov yarışa 1/4 finaldan başlayıb. O, əvvəlcə Rumıniyalı Denis Mihayı bir xal fərqlə məğlub edib (4:3). Yarımfinalda gürcü rəqibi Nuqzari Tsurtsumiyanı (5:1) mübarizədən kənarlaşdıran Rəşad finalda moldovalı Artyom Deleanu ilə qarşılaşacaq.
63 kq
Murad Məmmədov mübarizəyə 1/8 finaldan qoşulub. O, əvvəlcə Brian Santyaqoya, ardınca Aleksandr Yurkansa qalib gəlməklə adını yarımfinala yazdırıb. Murad finala gedən yolda Ənvər Allahyarovu (AİN) son xala görə məğlub edib (3:3). Məmmədov həlledici görüşdə Olkesandr Hruşinlə üz-üzə gələcək.
77 kq
Sənan Süleymanov 1/8 finaldan mübarizəyə başlayıb. İlk rəqibi İdris İbayevə (Almaniya) (10:0) qalib gəlsə də, növbəti görüşdə xorvatiyalı həmkarı Antonio Kamenyaseviçə 1:3 hesabı ilə uduzub.
87 kq
İslam Abbasov da 1/8 finalda Şimon Şimonoviçi (Polşa) 2:1, 1/4 finalda isə Açiko Bolkvadzeni (Gürcüstan) 6:3 hesabı ilə məğlub edib. O, yarımfinalda serbiyalı Aleksandr Komarovla qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
130 kq
1/8 finaldan yarışa qoşulacaq ağırçəkili pəhləvanımız Beka Kandelaki Konsta Maenpaeaenu (Finlandiya) 8:6 hesabı ilə məğlub edib. O, 1/4 finalda çətinlik çəkmədən Dariuş Viteki (Macarıstan) mübarizədən kənarlaşdırıb - 9:0. Beka yarımfinalda türkiyəli Rıza Kayaalpa uduzub. Hesab 2:2 bitsə də, türkiyəli idmançı sonuncu xal hesabına qalib sayılıb.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz qitə çempionatına 10 idmançı ilə yollanıb.