Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Sport24.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. 

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Finalın bir addımlığında yerli pəhləvana məğlub olan Novruzov ümidini bürünc medala bağlayıb. Avqustun 17-də Qazaxıstan güləşçisiylə qarşılaşan Nurəddin rəqibinə uduzaraq 5-ci yerlə kifayətlənib.

Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisinə də gücünü göstərən Zirəddin finala çıxıb. Bayramov həlledici görüşdə yerli güləşçiyə məğlub olub və gümüş medalı boynundan asıb.

Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb. Cəbrayıl finalın bir addımlığında Rusiya güləşçisini də məğlub edib. Finalda İran pəhləvanıyla gərgin keçən mübarizədə minimal fərqlə uduzan millimizin üzvü dünya ikincisi olub.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Əşrəf Qazaxıstandan olan rəqibinə də heç bir şans tanımayaraq adını finala yazdırıb. Həlledici görüşdə İran güləşçisiylə qarşılaşan Aşırov rəqibinə məğlub olaraq dünya çempionatında ölkəmizə 3-cü gümüş medalı qazandırıb.

57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) 11:6
1/4 final: Nurəddin Novruzov - Daştseren Purvee (Monqolustan) 12:2
1/2 final: Nurəddin Novruzov - Ramazan Baqavudinov (Rusiya) 0:7
Bürünc medal görüşü: Nurəddin Novruzov - Assiljan Yessengeldi (Qazaxıstan) 6:12

65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan) 8:2
1/4 final: Zirəddin Bayramov - Giorgi Tçoladze (Gürcüstan) 16:5
1/2 final: Zirəddin Bayramov - Reynald Bartlet (ABŞ) 6:2
Final: Zirəddin Bayramov - Şamil Məmmədov (Rusiya) 1:4

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan) 13:3
1/4 final: Cəbrayıl Hacıyev - Kevin Makota (İsveç) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Stanislav Svinoboyev (Rusiya) 6:1
Final: Cəbrayıl Hacıyev - İrfan Elahi (İran) 5:6

79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya) 10:0
1/8 final: Əşrəf Aşırov - Munxdavaa Bayarmunx (Monqolustan) 10:0
1/4 final: Əşrəf Aşırov - Məhəmməd Abdullayev (Qırğızıstan) 4:2
1/2 final: Əşrəf Aşırov - Maxambet Nurjaubayev (Qazaxıstan) 11:3
Final: Əşrəf Aşırov - Məhəmməd Noxodilarimi (İran) 5:7