"Rumıniyanın Buxarest şəhərinə tam heyət - on idmançı ilə yollandıq. Onlardan beşi medal qazandı. Bu medallardan 3-ü qızıl, biri gümüş, biri isə bürünc oldu". Bu sözləri Sport24.az-a açıqlamasında sərbəst güləş üzrə yığma komandanın məşqçisi Arif Abdullayev deyib.

Rumıniyanın Buxarest şəhərində keçirilmiş U-23 Avropa çempionatında sərbəst güləşçilərimizin çıxışını dəyərləndirən Abdullayev bunları bildirib: "Azərbaycan çempionatından sonra seçim oldu. Ötən ilki heyətə baxsaq, U-23 yığmamız Avropada 7 medal qazanaraq çempion olmuşdu. Bununla da ikinci dəfədir ki, Avropanın ən güclüsü oluruq. Ötən ilki heyətdən cəmi iki idmançımız bu dəfə də çıxış edirdi. 97 kq-da İslam İlyasov artıq ardıcıl ikinci dəfədir ki, çempion olur. 92 kq-da isə Abdulcəlil Şabanov ötən il bir görüş keçirmişdi. Bu dəfə beşinci yerlə kifayətləndi. Gələn il daha yaxşı nəticə göstərə bilər". 

Təcrübəli məşqçi bütün idmançılardan medal gözlədiklərini söyləyib: "Bu turnirdə daha çox medal ola bilərdi. Sadəcə , idmançılarımız öz səhvlərindən və hakimin səhv qərarından medal qazana bilmədilər. 57 kq çəkidə çıxış edən Nurəddin Novruzovdan medal gözləyirdik. Yarımfinalda türkiyəli güləşçiyə qalib gəlirdi. Sadəcə, hakimin yalnış qərarına əsasən, finala çıxa bilmədi. Ümumilikdə bütün idmançılardan nəticə gözləyirdik".

 

 

KAMAL RZA