Bədii gimnastika üzrə Azərbaycan yığması 40-cı Avropa çempionatına son hazırlığını keçib.

Sport24.az xəbər verir ki, gimnastlarımız turnirin ev sahibi Macarıstanın Budapeşt şəhərində məşq ediblər.

Komandamız "Laslo Papp" arenasında hazırlaşıb. Avropa çempionatında fərdi yarışlarda ölkəmizi Zöhrə Ağamirova, Kamilla Seyidzadə, Alina Məmmədova təmsil edəcək. Qrup hərəkətlərində Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komandamız xalça üzərinə çıxacaq. Gənclərin fərdi mübarizəsinə isə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı qatılacaq.

Qeyd edək ki, qitə çempionatı mayın 22-26-da təşkil olunacaq.