"KupS"la matçda yaxşı oyun sərgilədik, komanda olaraq meydanda istədiklərimizin böyük hissəsini həyata keçirə bildik. Topa nəzarətdə üstün olduq, çoxlu qol epizodu yaratdıq və bunun nəticəsində vacib qələbə qazandıq. Bununla belə, bu qarşılaşma artıq geridə qalıb və bütün diqqətimizi Finlandiyada keçiriləcək cavab matçına yönəltmişik. Həmin oyunu səbirsizliklə gözləyirik". Bu sözləri Sport24.az-a "Sabah" müdafiəçi Timoteuş Puxaç deyib.
27 yaşlı futbolçu komandasının Finlandiya təmsilçisi "KuPS"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Cavab görüşünə də hər zamankı kimi ciddi hazırlaşacağıq. Rəqibimizi yenidən analiz edəcək, məşqlərdə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Məqsədimiz ilk oyunda olduğu kimi yenə də dominant futbol oynamaq, topa sahib olmaq və oyunun gedişatına nəzarət etməkdir. Heç bir matça arxayın çıxmaq olmaz. Mən heç vaxt rahatlaşmıram. Xarakterim belədir ki, hər oyunda yalnız qələbəni düşünürəm. Futbolda bir anlıq diqqətsizlik belə oyunun taleyini dəyişə bilər. Rəqibin kimliyindən və ya ilk oyunun nəticəsindən asılı olmayaraq, meydanda son fitədək maksimum diqqətli olmaq lazımdır. Bu vəziyyət mənə boksu xatırladır. Boksçu rinqə çıxanda rəqibindən üstün hesab olunsa belə, hər an zərbə ala bilər. Futbolda da eyni vəziyyət yaşanır. Bir səhv bütün planları poza bilər. Buna görə də heç vaxt arxayınlaşmırıq və hər matça sanki hər şey sıfırdan başlayırmış kimi yanaşırıq. Finlandiyada da eyni əzmkarlıq və məsuliyyətlə meydana çıxaraq növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.