Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, hazırlıqla bağlı baş məşqçi Vitali Borisov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
"Komanda dünəndən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə – 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq.
Heyətlə bağlı problemlər var. Ülvi Əliyev zədəli olduğuna görə ümumiyyətlə siyahıya adını daxil etmədik. Daha sonra "Baku Fire"in üzvləri – qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb. Əvəzində "Neftçi"İK-dan qapıçı Vladislav Reznov və "Şuşa"nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Seçmə mərhələ çərçivəsində son səfər oyunumuzdur. İstəyirik ilk qələbəmizi qazanaq. Uşaqlar istəklidirlər.
Rəqibin son iki oyununu izləmişik. Bizim üçün zədələrlə paralel oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz adətən parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik bu örtükdə demək olar, son 8 ildir oynamırlar. Qrupdan çıxmaq şansımız olmasa da, reytinq xallarımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik".